Xəbərlər
Xəbərlər
Moskvada Heydər Əliyev Fondunun dəstəyi ilə azərbaycanlı rəssamın sərgisi açılıb
2002-02-21

 Moskva. Fərid Əkbərov-APA. Moskvada Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun sərgisinin açılış mərasimi keçirilib.

 
APA-nın Moskva bürosunun məlumatına görə, “Qəlbin iki qanadı” adlanan sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Xarici Ədəbiyyat Kitabxanası və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
 
 Açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu rəssamın öz tarixi vətənini tərənnüm edən yüksək yaradıcılığını Rusiya ictimaiyyətinə təqdim etmək imkanı yaratdığına görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə və kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib. Səfir Əsgər Məmmədovun istedadını yüksək qiymətləndirib: “Bu sərgi rəssamın bənzərsiz və təkrarsız sənəti vasitəsilə iki ölkənin mədəniyyətlərinin qarşılıqlı zənginləşməsi baxımından əlamətdar hadisədir”.
 
 Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Yekaterina Qeniyeva çıxışında bu kitabxanada Azərbaycan Mədəniyyəti Mərkəzi yaradılmasına və belə gözəl tədbirlər keçirilməsinə görə Heydər Əliyev Fondunun nümayəndəliyinə təşəkkürünü bildirib. O, Ə.Məmmədovu sərgisinin açılışı münasibətilə təbrik edərək, Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyevin təbrik məktubunu oxuyub.
 
 Əsgər Məmmədov Moskvada onun fərdi sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, habelə bu təşəbbüsü dəstəkləmiş bütün insanlara təşəkkürünü bildirib. O, sərginin “Qəlbin iki qanadı” adlanmasında Azərbaycanı və Rusiyanı nəzərdə tutduğunu söyləyib.
 
 Qeyd edək ki, sərgidə rəssamın 50-yə yaxın işi, o cümlədən Xocalı faciəsinə, Qarabağ dağlarına, ölkəmizin tarixinin müxtəlif mərhələlərinə həsr edilmiş əsərləri təqdim olunub. Sərgi 2012-ci il martın 11-dək davam edəcək.
2010-10-07
16-cı Azərbaycan Beynəlxalq “İnşaat Sərgisi"
2008-11-08
“FATEH” şirkəti ilə “PASCHAL” alman firması arasında müştərək fəaliyyət haqqında müqavilə
2008-10-25
14-cü Azərbaycan Beynəlxalq “İnşaat” Sərgisi
2002-02-21
Moskvada Heydər Əliyev Fondunun dəstəyi ilə azərbaycanlı rəssamın sərgisi açılıb